Son vaxtlar Bakıda quşların, əsasən də qara qarğaların kütləvi ölümünə rast gəlinir. Daha çox metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı parkda kütləvi qarğa ölüləri müşahidə olunur.
Bəs qarğalar niyə kütləvi şəkildə ölür?
Redaktor.az xəbər verir ki, AMEA Zoologiya İnstitutunun keçmiş direktoru, professoru Elman Yusifov açıqlamasında bildirib ki, qarğaların kütləvi ölümü bir sıra amillərlə bağlı ola bilər:
“Bunun səbəblərindən biri də xəstəliklərin yayılması, müəyyən sanitar tədbirlərdir. Əvvəllər sahibsiz itlər, pişiklər və qarğalar çox idi. Əsas səbəblərdən biri zibilliklərin çox olması idi. İndi zibil yeşikləri bağlanır, ətrafa atılan tullantılar yığılır. Digər məsələlərdən biri də xəstəliklərin olmasıdır. Qarğaların kütləvi ölümü əslində təbiətdə balansın tənzimlənməsidir. Çünki son illər qarğalar həddindən artıq çoxalmışdı. Qarğalar ağıllı və güclü heyvanlardır. Onlar digər heyvanları sıxışdırıb çıxarırdılar. Onların ölməsi təbiətdə bioloji müxtəlifliyin qorunmasına kömək edəcək”.

Ornitoloq Elçin Sultanov isə bildirib ki, əvvəllər bu qədər quş ölümünə rast gəlinəyib:
“Əslində küçədə gördüyümüz qarğa ölüləri zağca növüdür. Onların məhv olmasının bir neçə səbəbləri ola bilər. Əsas səbəblərdən biri də keçirilən dezinfeksiya işləridir. Koronavirusa qarşı dezinfeksiyaedici məhlulların tərkibindəki kimyəvi maddələr, zəhər otun və torpağın üstünə tökülür. Torpaqda da torpaq qurdları yaşayır. İnsanlar arasında onlara soxulcanlar da deyilir. Yerə tökülən zəhərli maddələr soxulcan tərəfindən qəbul edilir. Qarğalar da onları yeyəndə zəhərlənirlər. Kimyəvi maddə və zəhər qurda təsir etmir, lakin onlarla qidalanan quşlar bundan zəhərlənir. Zəhərli maddələr otla da heyvanlar tərəfindən qəbul edilir və ölümə səbəb ola bilər”.